YÜKLƏNİR
+994512259865

Quba Otelləri

Ən sərfəli qiymətlərlə

Quba rayonu Azərbaycan paytaxtına məsafə baxımından ən yaxın olan regionlardan biridir, buna görə də turistlərin ən çox axın etdiyi yerdir. Qubada çoxlarımız dincəlib. Qəçrəş, Təngəaltı, Qırmızı Qəsəbə, ən cəsur səyahətçilər isə ola bilsin ki, yüksək dağlıq Qrız, yaxud Xınalığa da gedib çıxıblar. Bizə elə gəlir ki, Quba haqqında hər şeyi bilirik. Lakin sizə bəllidir ki, xınalıq camaatının danışdığı dili özlərindən başqa heç kim başa düşmür? Yaxud Qudyalçay üzərindəki körpünü unikal edən nədir? Ya da sandıqda tozlanan Quba xalça məktəbinin sumağının qiyməti indi neçəyədir?

Xına rəngli qayalar, yaxud səmavi Asqard

Tarix sübut edir ki, Şahdağın şimal-şərq ətəklərində, Qudyalçayın sahillərində yerləşən indiki Quba rayonunun ərazisində insanlar hələ qədim zamanlardan məskunlaşıb. Alban və ərəb mənbələrində, avropalı coğrafiyaşünasların əsərlərində buna dair çoxlu qeydlərə rast gəlinir. "Quba" toponimi hələ də birmənalı izah edilməyib. Ərəblər yazır ki, Məhəmməd Peyğəmbərin Məkkə şəhəri yaxınlığında tikdiyi ilk məscid "Qubba" adı daşıyıb. Məlumdur ki, X əsrdə Qubanın adı məhz bu cür də səslənirdi ¬- "Qübbə". XI əsrin ərəb tarixçisi İbn Haqvey Azərbaycanın hakimi Ənuşiravanın Bab-Firuzqubad qalasını inşa etməsi haqqında məlumat verir. İddia olunur ki, bu ad altında müasir Quba nəzərdə tutulur. Toponimin ərəb mənşəli olmasını inkar edən alimlərin fikrincə, "Quba" türk mənşəli sözdür və qədim türk tayfalarından birinin adıdır. 

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qubanın ən qədim və yüksək dağlıq kəndlərindən birinin sakinləri olan xınalıqlıların tarixə öz baxışları var. Onlar iddia edirlər ki, bu yer Nuh peyğəmbərlə bağlıdır. Rəvayətə görə, yüksək və düzən məkanı görən (indi bu yerin yaxınlığında Xınalıq kəndi yerləşir) Nuh lövbəri məhz burada suya atıb və hamıya gəmini tərk etməyi buyurub. Beləliklə, xınalıqlılar özlərini Nuhun varisləri sayırlar. Əsrlər üst-üstə gəlsə də, həyat tərzləri yerində sayan Xınalıq sakinləri əmindirlər ki, tufandan sonra Nuhun oğlanları - Sam və Ham başqa yerlərə köç ediblər, Yafəs isə övladları ilə yurdunu dəyişməyib, Qafqaz xalqları da məhz onlardan törəyib.

Əfsanəyə görə, ilk vaxtlarda kənd Keşt dağının ətəklərində yerləşib, sonralar o, zəlzələ nəticəsində dağılıb, sağ qalmış sakinlər isə yaxınlıqdakı Dam-dam dağı ətəklərində məskən salıb və xına əkməyə başlayıblar. Guya o vaxtlardan kənd "Xınalıq" adı alıb. Başqa bir fərziyyəyə görə, "Xınalıq" adı yalnız ötən yüzilliyin 50-60-cı illərindən işlənməyə başlayıb.

Bu məsələdə nəyin düz, nəyin uydurma olduğunu demək çətindir. Amma yüzdə-yüz məlumdur ki, xınalıqlılar kəndlərini "Keşt", özlərini "Kettid", dillərini isə "Keşt mitsl" adlandırırlar. Dəniz səviyyəsindən 2300 metr yüksəklikdəki Xınalıq kəndi ərazisində rast gəlinən balıqqulağılar və balıqların daşlaşmış qalıqları isə şübhəyə yer qoymur: doğrudan da bir zamanlar buralar su ilə örtülü olub.

Rezervasiya səhifəsi